Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) gənclər üçün “Böyük Britaniyada təhsil” adlı layihəyə start verib.
Oxu.Az xəbər verir ki, AUKAA-nın mətbuat xidmətindən verilən məlumata görə, təhsil sahəsində aparılan dövlət islahatlarının bir hissəsi olaraq Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.
Ali və orta ixtisas təhsili mərhələsinə qədər xüsusi təhsil müəssisələrində kimsəsiz şəxslərin peşəkar inkişafı, onların ixtisas və təhsil almaları üçün universitet seçim qərarını daha da təkmilləşdirmələri, habelə xaricdə təhsil imkanları haqqında xəbərdar olmaları üçün “Azərbaycan – Britaniya Məzunlar” ictimai birliyi (Azerbaijan – UK Alumni Association || AUKAA) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Böyük Britaniyada təhsil” mövzusunda layihəyə start verib.
Layihənin məqsədi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş həmçinin sosial risk altında olan gəncləri xaricdə təhsilə həvəsləndirmək, Britaniyada təhsil imkanları ilə tanış etmək, onları texniki olaraq xaricdə təhsilə hazırlamaq, ingilis dili biliklərinin inkişafına dəstək olmaq və gənclərin şəxsi inkişafına Britaniya məzunlarının mümkün töhfəsini verməkdir.
Layihə çərçivəsində Bakı şəhəri ərazisində yerləşən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil aldıqları müəssisələrdə Böyük Britaniyada təhsil imkanları haqqında təlim və təqdimatların keçirilməsi nəzərdə tutulub.
Sosial risk altında gənclər üçün təşkil edilən ilk təqdimat Bristol Universitetinin magistr məzunu, AUKAA idarə heyəti sədrinin müavini Bəhruz Babayev tərəfindən 7 Avqust 2014-cü il tarixində “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında keçirilib.
Xatırladaq ki, Azərbaycan – Britaniya Məzunlar İctimai Birliyi 2005-ci ildə yaranıb və Böyük Britaniya və Şimali İrlandiya Krallığında təhsil almış 650-dən çox məzunu özündə birləşdirir.