Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağıntının arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam saatlarında isə yağıntının intensiv və qısamüddətli olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 25-29°, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.