“ASAN xidmət” əhaliyə xidmətin uğurlu modelidir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard, Azərbaycan Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüş zamanı bildirib.
Səfirin sözlərinə görə bu xidmət az bir zaman ərzində Azərbaycan vətəndaşları üçün müsbət dəyişikliklər edib.
“Avropa İttifaqı “ASAN xidmət”lə əməkdaşlıq edən beynəlxalq partnyorlar arasında əsas yerlərdən birini tutduğu üçün qürur duyur. Bu xidmət öz xidmətlərini mükəmməlləşdirir, bu səbəbdən də biz gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiririk”, - Mard deyib.
O, İ.Kərimovu xidmətin beynəlxalq İSO 9001:2008 sertifikatı alması münasibəti ilə də təbrik edib.
Görüş zamanı İ.Kərimov səfirə “ASAN xidmət”in əsas iş prinsipləri barədə informasiya verib.
Hər iki tərəf xidmət sahəsində yeniliklərin vacibliyini, elektron xidmətin təkmilləşdirilməsini vurğulayıb və gələcək əməkdaşlıq sferalarını müəyyənləşdiriblər.
Aİ “ASAN Xidmət”in İSO 9001:2008 beynəlxalq sertifikat alması istiqamətində dəstək layihəsinin realizəsini başa çatdırıb. (Trend)