Azərbaycanlı qanım, inadkarlığım öz biznesimi yaratmağa kömək edib. Axı, azərbaycanlılar böyük diplomatdırlar. Bu keyfiyyət isə uğurlu işgüzar fəaliyyətin əsas amilidir.
Oxu.Az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində Latviyanın yeni təyin olunmuş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.
Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. İdris İbrahimovun çoxlu nəvəsi və nəticəsi var. Onlara uşaqlıqdan böyüklərə hörmət, zəhmətə məhəbbət hissləri aşılayırlar.
R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb. Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.
“Ailəmizin öz gerbi var. Bu gerb ailənin çiçəklənməsinə olan ən işıqlı ümidlərlə yaradılıb. Ailəmizin əsas dəyərlərini əks etdirən devizimiz isə belə səslənir: “İşimiz əlimizdə, günəş ürəyimizdədir”” – deyə R.Naudinş bildirib.
“Azərbaycanlı qanım, inadkarlığım öz biznesimi yaratmağa kömək edib. Axı azərbaycanlılar böyük diplomatdırlar. Bu keyfiyyət isə uğurlu işgüzar fəaliyyətin əsas amilidir”.
R.Naudinş siyasət aləminə biznesdən gəlib. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir.
Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatına da başçılıq edən nazir deyib:
“Latviyada təxminən 2 min azərbaycanlı yaşayır. Həmvətənlərimiz öz köklərini unutmadan bu ölkənin milli ənənələrinə ehtiramla yanaşırlar. Onların çoxu Latviyanın potensialının möhkəmlənməsinə öz töhfəsini verir. Yəqin ki, mən Avropa ölkəsində azərbaycanlı kökləri olan ilk nazirəm. Mən bunu unutmuram və bununla fəxr edirəm”.