Dövlət Yol Polisi əməkdaşının xidməti maşınının nömrəsini açaraq Göy məscidin yanında buraxıb getməsinə DİN rəsmi münasibət bildirib.
Oxu.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadənin axar.az-a açıqlamasında qeyd etdiyinə görə, faktla bağlı müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olacaq məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkədə, “Sancaq” səhifəsinin adminləri bu barədə məlumat yayıblar. Səhifə adminləri qeyd etmişdilər ki, Göy məscidin yaxınlığına DYP avtomobili yaxınlaşıb. Xidməti maşını idarə edən polis avtomobilin arxa və ön nömrələrini çıxararaq oradan uzaqlaşıb.
Məlumatı paylaşan adminlər yol polisinin qəza törətdiyini ehtimal ediblər. Çünki avtomobilin ön şüşəsi çatlayıb, güzgü və sayrışan işığı (miqalkası) sınıb.
Mütəxəssislər isə avtomobilin kənar müdaxilə ilə əzildiyi (dəyənək və yaxud başqa alətlə, o cümlədən hündürlükdən üstünə hansısa əşyanın düşməsi ilə və s.) ehtimalını irəli sürüblər. Çünki fotoda qəza törətdiyi ehtimal edilən avtomobilin ön hissəsində heç bir əzik və ya qəza əlaməti nəzərə çarpmır.
E.Ə.
www.oxu.az