Bakı Dəmiryol vağzalı Biləcəri-Ələt ərazisinə köçürülə bilər.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, əgər vağzal köçürülərsə ərazidə yaşıllıq artırılacaq və yeni avtomobil yolları salınacaq. Hazırkı vağzal ərazisində isə iki dəmir yolu xətti saxlanılacaq ki, həmin xətlərdə sürətli elektrik qatarları hərəkət edəcək. Bütün bunlar Bakının Regional İnkişaf Planında 2030-cu ilə qədər nəzərdə tutulub.
Bütün bu işlərin hazırkı vəziyyət ilə real olmadığını deyən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Nadir Əzməmmədov bildirdi ki, əgər layihə təsdiq olunarsa vağzal ərazisinin Ələt və ya Biləcəri qəsəbəsinin ərazisinə köçürülməsi məqsədəuyğundur. Ancaq bu layihəni Nəqliyyat Nazirliyi təsdiq etdiyi təqdirdə mümkün ola biləcək.
Bundan başqa, qurum rəsmisi onu da dedi ki, artıq dəmir yol xətləri 2016-cı ilə kimi yenilənəcək və qatarların sürəti artırılacaq. Onun sözlərinə görə, yeni 30 vaqon gətiriləcək ki, həmin vaqonlar Avropa ölkələrinə hərəkət edən zaman onların təkərləri dəyişilməyəcək. Təkərlər özü-özünü idarə edə biləcək. Bununla da ölkə ərazisində dəmir yollarının idarə olunması bir mərkəzdən həyata keçiriləcək.
E.Ə.
www.oxu.az