Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avtomobillərə qaz qurğusu quraşdırmaq olmaz?
Son günlər dizel və Aİ-92 markalı benzinin bahalaşması sürücüləri alternativ və ucuz yanacaq növlərinə sövq edir. Yeni nəsil elektrik avtomobillərinə maraq artsa da, bu gün ölkəmizdə elektrik avtomobilləri və onların enerji yığma məntəqələri geniş yayılmayıb. Ona görə də bəzi şəxslər ən sərfəli variant kimi avtomobilə qaz avadanlıqlarının quraşdırılmasını göstərirlər.
Qanuna əsasən, avtomobilə əlavə olaraq qaz avadanlığı quraşdırıla bilər. Hətta bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) elektron qaydada müraciət edə bilərsiniz.
"Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması, bu növ yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində (stansiyalarında) aparılmalıdır. Həmin texniki təmir sahəsi (stansiyası) quraşdırma işlərini texniki tələblərə uyğun aparılmasını və təhlükəsiz işləməsini təmin etməlidir".
Qaz avadanlığı quraşdıran servisin mütləq qaydada sertifikatı olmalıdır. Daha sonra Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutuna (laboratoriya) müraciət edilməlidir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.
Ekspertlər onu da əlavə edirlər ki, bu təcrübə dünyanın istənilən ölkəsində var və hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.
Sürücülər deyirlər ki, 5 manatlıq metan qazı ilə hətta 190 kilometr yol qət etmək mümkündür. Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir.
Metan qazı propana nisbətən təhlükəlidir. Belə ki, yüksək təzyiqlə vurulduğu üçün metan qazla işləyən avtomobillərdə partlayış riski var. Propan qaz avadanlığının quraşdırılması zamanı isə hətta qəza riski də nəzərə alınır və zəmanət verilir.
Onu da qeyd edək ki, avtomobillərə qaz avadanlıqları qənaət məqsədilə quraşdırılır və benzinlə işləyən maşına nisbətən yanacağa 50-65 faizə qədər qənaət etməyə imkan verir.
Taksi fəaliyyəti göstərən Rəhman Səfərov (ad şərtidir) sahibkarlardan biri ilə əməkdaşlıq edir. Yeni alınan "Chevrolet Cobalt" markalı avtomobil ilə taksi fəaliyyəti göstərən şəxs deyir ki, nəqliyyat vasitəsinə qaz avadanlığı quraşdırılıb:
"Bu, mənim öz maşınım deyil. Sahibkardan icarəyə götürmüşəm. O da qaz qurğusu quraşdırıb. Yanacaq qiymətləri qalxdı. Belə baxanda qaz daha ucuz başa gəlir. Təhlükəsizlik zəmanətinin olduğunu dedilər. Eşitdiyimə görə, 1600 manat pul veriblər quraşdırılmasına. Heç olmasa gün ərzində getdiyimiz gedişlərdən bizə də 3-5 manat pul qalır".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin qaz yanacağı ilə istismarı üçün əlavə avadanlığın quraşdırılması ilə bağlı məsələyə "Məişət Maye Qaz" QSC-nin sınaq aktı və Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutunun (laboratoriyanın) müvafiq rəyi alındıqdan sonra BDYPİ-də baxıla bilər.
Könül Cəfərli
"avtomobillər" teqi üzrə xəbərlər
- Hibrid krossover almaq üçün fürsət: 1 illik servis xərcləri hədiyyə edilir
- Tanımadığı şəxs ona etibarnamə verdi, sonda sürücülük hüququ məhdudlaşdırıldı
- Sürücülərin cərimələnməmək üçün əl atdıqları "yollar"
- Üstü yazılı maşınlar CƏRİMƏLƏNƏCƏK? - RƏSMİ CAVAB
- Azərbaycanlılar Gürcüstan avtomobil bazarını Çinə niyə dəyişdilər?
Rəylər