Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Avtovağzal” metro stansiyası 2015-ci ildə istifadəyə veriləcək
Piramidanı xatırladan “Avtovağzal” metro stansiyanın giriş hissəsi demək olar ki, hazırdır.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, metroda 6 giriş-çıxış nəzərdə tutulur. Artıq onların qapıları quraşdırılıb və ərazidə bərkitmə işləri həyata keçirilir. Qatarların hərəkəti üçün relslərin quraşdırılması işləri isə başa çatıb.
Yeni stansiyada 25 il istismar müddəti olan, zərbələrə davamlı eskalatorlar nəzərdə tutulub.
Metropoliten tarixində ilk dəfə olaraq bu stansiyada yaşlılar, fiziki imkanı məhdud olan şəxslər üçün travolatorlar da olacaq. Onlar eskalatorlar kimi səs-küysüz və əlverişli hərəkət vasitəsidir. Hazırda tamamlanma işləri aparılan “Avtovağzal” stansiyasında döşəmə və divarlar mərmər qranit təbəqəsi ilə örtülür.
Yeni stansiya vətəndaşların “Avtovağzal” kompleksinə gediş-gəlişini asanlaşdıracaq. Uzunluğu 2 km 200 metr olan stansiyada tikinti işləri ilin sonuna yekunlaşacaq və 2015-ci ildə vətəndaşların istifadəsinə veriləcək.