“Dünən Yasamalda Nazim Hikmət küçəsində baş verən hadisədə mənim maşınım da zərər gördü”.
Bu barədə Oxu.Az-a taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov deyib.
Hazırda azyaşlı uşaqlardan ibarət taekvondo millimizin baş məşqçisi olan İlkin Şahbazov hadisənin təfərrüatını danışıb:

“Saat 14:00 radələri olardı. Həmin vaxt “ASAN Xidmət” tərəfdə tıxac vardı. Bir də gördük ki, bir maşın digər avtomobilləri vura-vura gəlir. Onu yol polisi əməkdaşları təqib edirdi, bu da onlardan qaçırdı. Sürən şəxsin maşınında uşağı və həyat yoldaşı da vardı. Yayılan videoda qışqırıq səsi həmin qadından gəlir. Həmin avtoxuliqanı maşından pəncərəsini qırmaqla çıxartmaq mümkün oldu. Polis əməkdaşının buna görə əli qanamışdı”.
34 yaşlı İlkin Şahbazov bildirib ki, ona məxsus olan ağ “Hyundai Sonata” markalı, 10-OU-955 dövlət seriyalı avtomobilin arxa hissəsi zərər görüb:
“O, polisdən qaçmaq istəyərkən iki dəfə irəli-qabağa sürüb, mənim maşınımı da vurdu”.
Səbuhi Musayev