Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının beynəlxalq tədbir çərçivəsində Ermənistanda səfərdə olarkən erməni qızı ilə rəqs etməsi cəmiyyətdə ajiotaj doğurub.
Oxu.Az Moderator.az-a istinadən xəbər verir ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Ramin Hacılının bu hərəkətini qınayıb:
“Qanı azərbaycanlı insanların əlinə batmış bir xalqın nümayəndəsi ilə qol qaldırıb oynamaq bizlərə yaraşan iş deyil.
R.Hacılı Ermənistanda viski içib, orda kef çəkməsini cəzasız qoymaq doğru deyil. Hüquq mühafizə orqanları bu işi araşdırmalı və bununla bağlı tədbir görməlidirlər. Mən özüm şəxsən partiyamızın gənclərinə müraciət edib yaxın günlərdə Ramin Hacılını döydürəcəm”.
Öz növbəsində, R.Hacılı Etatist.com-a Hafiz Hacıyevdən belə bir açıqlamanın gözlənilən olduğunu bildirib:
“İndiki halda onun bu açıqlaması yerində və gözlənilən idi. Hafiz Hacıyev dediyi heç biri sözün üstündə durmadığı kimi bunun da üstündə dura biləcəyinə inanmıram. İkincisi də ki, döydürmək, söydürmək, “mak, mək”ləri eləyirlər, sonra deyirlər”.
“Belə bir hadisə baş verəcəyi təqdirdə hansı addımı atacaqsınız?” sualına isə gənc fəal, “Heç nə. Mən də onları döyəcəm” deyə cavab verib.
www.oxu.az