Noyabrın 5-dən Məhərrəm ayı başlayır və 40 gün davam edəcək.
Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən bəzi müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Haram ay kimi tanınan bu ayda savaş etmək, müharibələrə qoşulmaq günah sayılır.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, ilahiyyatçı Hacı Surxay deyib ki, bu ayda birmənalı olaraq şadlıq mərasimlərinin keçirilməsi yasaqdır. Din alimlərinin dediyinə görə, bu ayda toy-nişan edənlər heç vaxt xoşbəxt ola bilməz.
Digər tərəfdən bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir.
Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, bu il aşura günü noyabrın 14-nə təsadüf edir. Fətvada bildirilir ki, həmin gün müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir:
“Zəncir vurmaq heç bir yerdə qəbul olunmur. Ancaq İmam Hüseyn şəhidlərinin ruhuna sinə vurmaq olar, qan çıxarmaq olmaz”.
Artıq 8 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura mərasimlərində qanvermə aksiyaları təşkil olunur. Bu il də məscid və xəstəxanalarda belə aksiyalar həyata keçiriləcək .
Son illərin təcrübəsində Məhərrəm ayında nəqliyyat vasitələrinin üzərində bu ayda müxtəlif şəkillərə, yazılara rast gəlinir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı bir sıra qadağalar qoyub.
İdarənin şöbə rəisi Vaqif Əsədov deyib ki, bunu edən sürücülər cəzalandırılacaq.
www.oxu.az