Nabranda hovuzda çimərkən su nasosuna sovrulma nəticəsində bir ayağı qopan 3 yaşlı İmran Cəfərzadənin sınan sümükləri bitişməyə başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Vüqar Qafarov açıqlamasında 3 yaşlı İmran Cəfərzadənin sınmış ayaq sümükərinə həkimlər tərəfindən baxış keçirildiyini deyib.
Müayinədən sonra həkimlərin keçirdiyi konsiliumun nəticəsi olaraq balaca İmranın sınan ayaq sümüklərində birləşmə prosesinin getdiyi açıqlanıb. Həkimlərin bildirdiklərinə görə, bu prossesi hələ tam yekunlaşmayıb.
V.Qafarovun sözlərinə görə, həkimlər İmran Cəfərzadəyə etdikləri müalicənin nəticəsini hələ ki, qənaətbəxş hesab edirlər. İmranın ayaq dərisində zədlənmənin təsirindən meydan çıxan yaralar tam sağalıb. Həkimlər 3 yaşlı İmran Cəfərzadənin həm fiziki, həm də psixoloji vəziyyətinin normal olduğunu qeyd edirlər.
Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib.
Hazırda İmran Cəfərzadə Azərbaycan Respublikası prezidentinin xüsusi göstərişi ilə Almaniya müalicəsini davam etdirir.