Bir müddət əvvəl Bakıya yağan leysan zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsində istinad divarından güclü su axması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı. Hadisədən təxminən dörd ay keçməsinə baxmayaraq, ərazidə əsaslı təmir və bərpa işləri aparılmayıb.
Mart ayında yağan şiddətli yağışlar zamanı divarın arasından fəvvarə kimi çıxan yağış suları yola axmışdı. Hazırda su axını olmasa da, leysanın yaratdığı təhlükəli vəziyyət hələ də qalmaqdadır.
Ərazidəki beton hasar ciddi şəkildə əyilib və hər an uça bilər. Hasarın yol kənarında yerləşməsi isə buradan keçən piyadaların həyatı üçün təhlükə yaradır.
Təhlükəli hissəyə yalnız beton maneələr yerləşdirilib. Bununla avtomobillərin hasara yaxınlaşmasının qarşısı alınsa da, piyadaların hərəkəti üçün təhlükəsiz keçid yaradılmayıb.
Ərazidə nəqliyyatın intensiv hərəkəti müşahidə olunur. Xüsusilə günün pik saatlarında burada sıxlıq yaranır. Yola yerləşdirilən beton maneələr hərəkət hissəsini daraltdığından tıxacın daha da artmasına səbəb olur.
Mövcud vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi risk yaradır. Bir tərəfdən əyilmiş hasarın aşması, digər tərəfdən isə piyadaların avtomobil yoluna çıxması faciə ilə nəticələnə bilər.
Baku TV məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacaq.