Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.
UEFA Çempionlar Liqasında "Sabah" TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında "Qarabağ" "Vestri"ni (İslandiya) və UEFA Konfrans Liqasında "Zirə" "Torpedo Kutaisi"ni (Gürcüstan) eyni - 3:0 hesabı ilə məğlub edib.
Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq Skopye"ni (Şimali Makedoniya) və "Xəzər Lənkəran" isə "Slima"nı (Malta) eyni - 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.
13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurmuşdusa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox - 8 dəfə rəqib qapısına yol tapıblar.