Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Azay Quliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv sərəncamının imzalanacağı ilə bağlı yayılan xəbərləri şərh edib, Oxu.Az xəbər verir.
Komissiya üzvünün sözlərinə görə, əfvlə bağlı müraciətlər əsasnaməyə uyğun araşdırılır və müvafiq qaydada baxılandan sonra prezidentə tövsiyə xarakterli təklif təqdim olunacaq.
“Hal-hazırda bu proses gedir. Mən ancaq onu deyə bilərəm ki, bütün iş başa çatdıqdan sonra son söz prezidentin olacaq və dövlət başçısı istədiyi vaxt istədiyi şəxslərlə bağlı müvafiq sərəncam verəcək.
Hazırda əfvin vaxtı və kimlərin buraxılacağı ilə bağlı nə mən, nə də komissiya üzvləri bir söz deyə bilər. Bir müddət sonra əfvlə bağlı geniş məlumat veriləcək. Əsas odur ki, Əfv Komissiyası işinə başlayıb və işlər müsbət istiqamətdə davam edir”, - deyə, o bildirib.