İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə İslam Konfransı Gənclər Forumunun Bakı ofisindən APA-ya verilən məlumatda deyilir.
Ofisin əməkdaşı Alpay Əhmədov bildirib ki, F. Əliyev İslam Konfransı Gənclər Forumunun (İKGF) Katibliyinin əməkdaşı olmayıb.
“O, İKGF-nin nəzdində fəaliyyət göstərən İƏT Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında 2013-14-cü ildə ekspert qismində iştirak edib. Lakin həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib və bu barədə İKGF tərəfindən Türkiyə XİN-i həmin vaxt rəsmən məlumatlandırılıb. Mərhumun ailəsinə bu faciəvi ölümlə əlaqədar başsağlığı veririk”, - deyə o qeyd edib.
15:15
İş adamı Fəxrəddin Əliyev poliqonda qəza nəticəsində, əlindəki silahdan təsadüfən çıxan güllə ilə həyatını itirib”.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, F. Əliyevin meyiti ədliyyə tibb qurumunun morqunda yarılıb. Meyitin Azərbaycana göndərilməsi üçün lazımi olan sənədlər Baş Konsulluq tərəfindən hazırlanaraq mərhumun yaxınlarına verilib.
Yanvarın 22-də axşam Fəxrəddin Əliyevin meyiti Bakıya göndərilib.
12:17
Fəxrəddin Əliyev adlı bir şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin sistemində çalışmır.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışdığı iddia edilən diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə Türkiyə KİV-lərində yayılmış məluamatlara münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.
11:29
Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.
Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.
Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.
İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib.
Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.
E.Ə.
www.oxu.az