Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup matçında daha aşağı reytinqli Lüksemburq yığması ilə Bakıda heç-heçə etməsinə rəsmi dövlət qəzeti “Azərbaycan” da biganə qalmayıb.
Qəzetin əməkdaşı Elçin Cəfərovun qələmə aldığı “Berti Foqtsla uçuruma yuvarlanan millimiz qələbənin nə olduğunu unudub” başlıqlı məqalədə daha çox millimizin baş məşqçisi Berti Foqts tənqid hədəfinə çevrilib.
Məqalədə qeyd olunur ki, iyunun 7-də “Bakcell Arena”da keçirilmiş oyuna azarkeşlər daha böyük həvəslə gəliblər. Çünki onlar millimizin Lüksemburqa qarşı qələbə qazanacağına ümid edirdilər: “Hər zaman olduğu kimi, bu dəfə də tarazlıq pozulmadı, yenə ümidlər puç oldu. Yəni komandamız növbəti dəfə xal itkisi ilə üzləşdi. Mübarizə 1:1 hesabı ilə nəticələndi. Hətta futbol tanrısının köməyi ilə son saniyələrdə məğlubiyyətdən qurtulduq”.
Müəllifin fikrincə, növbəti xal itkisinin “qəhrəman”ı yenə də almaniyalı baş məşqçi Berti Foqts olub. Bununla da Foqts millimizin sükanı arxasında antirekordlarını təkrarlamaqda davam edib: “Almaniyalı çalışdırıcı Lüksemburqla qarşılaşma öncəsi "Luxemburger Wort" qəzetinə müsahibəsində bildirib ki, hər iki komandanın səviyyəsi eynidir. Bu cür açıqlamalardan sonra rəhbərlik etdiyi komandanın futbolçuları qələbəyə necə köklənə bilərlər? Millimiz əhalisinin sayı yarım milyondan bir az artıq olan “cırtdan” ölkənin komandasına qalib gələ bilmirsə, bu gün yığmamızın hansı inkişafından danışa bilərik. Daim günahı klub məşqçilərində görən Foqts özü komandanın dirçəlməsi üçün bu illər ərzində nə edib? Ümumiyyətlə, bu gün Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Şotlandiya və Nigeriya yığmalarında uğursuzluqdan sonra onu milli komandamıza dəvət etməyin nə dərəcədə səhv addım olduğunu ümid edirik ki, AFFA rəhbərliyi gec də olsa anlayıb. Məntiq etibarı ilə sonuncu biabırçı xal itkisindən sonra Berti Foqts istefaya göndərilməlidir”.
Qəzet onu da qeyd edir ki, sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib (3:2).
Sonda qəzet yazır:
“Görəsən, nə vaxta kimi bu uğursuzluq davam edəcək? Fikrimizcə, artıq yetər! Azərbaycanlı futbolçuların da digər idmançılarımız kimi azarkeşləri sevindirmək vaxtı çatıb”.
“Azərbaycan” qəzeti
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin