Teleqraf.com xəbər verir ki, “Nəfəs” LGBT Azərbaycan Alyansı bəyanatda bildirir:
“Tərəfimizdən aparılan müşahidələr göstərir ki, sosial şəbəkələrdə özlərini Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin hədəf nöqtəsi homoseksuallardır”.
Azərbaycan Respublikası homoseksuallarının bəyanatında əlavə olunub:
“Qrup şəklində 2 – 3 nəfər olmaqla müəyyən müddət qurban kimi seçdikləri şəxslərlə özlərini homoseksual kimi göstərərək yazışıb onun haqqında informasiya əldə edirlər. Həmin şəxsin telefon nömrəsini öyrəndikdən sonra daha mütəşəkkil fəaliyyətə başlayırlar. Xuliqanlıqla məşğul olan qrupların tərkibinə Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarının və bankların əməkdaşları da daxildir. Qurban kimi seçilən şəxs haqqında kifayət qədər məlumat əldə etdikdən sonra qrupun başqa üzvləri özlərini DİN və ya MTN əməkdaşı kimi təqdim edərək ona yaşadığı ünvanı, homoseksual olduğunu bildiyini və artıq polis tərəfindən nəzarətə götürüldüyünü bildirirlər. Bununla yanaşı, müəyyən miqdarda pul tələb etməklə susacaqlarını bildirirlər. Tələb edilən pulun miqdarı isə 150 – 200 AZN arasında dəyişir. Müşahidələrimiz göstərir ki, qrup əsasən Nəsimi rayonu(Gənclik metrosu) ərazisində görüş təyyin etməklə tələb etdikləri pulu əldə edirlər”.
Bu vəziyyətdən şikayətlənən homoseksuallar əlavə ediblər:
“Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 2001 – ci ilin yanvar ayının 17 – də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd sırf cinsi azlıqlarla bağlı olub”.
Homoseksuallar narahatçılıq bildiriblər:
“Xuliqanlıqla məşğul olan qrup üzvlərinin özlərini hüquq mühafizə orqanlarının əməkdaşları kimi təqdim etmələri təkcə dələduzluq və ya səlahiyyətdən sui – istifadə deyil, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin vətəndaşlar arasında nüfuzunun aşağı düşməsinə səbəb olur”.
www.teleqraf.com
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin