Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediliblər.
Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilib.
Belə ki, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar.
Məsələ səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Konstitusiya məhkəməsinin hakimləri and içiblər.
Otari Qvaladzi 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Fərhad Tutayuk Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Cinayət və inzibati qanunvericilik sektorunun müdiri işləyib. Hər iki namizədin dövlət təltifləri var - onlar "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif ediliblər.
Digər namizəd Rauf Quliyev müxtəlif dövlət orqanlarında - Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Konstitusiya Məhkəməsində çalışıb, 2010-cü ildən Konstitusiya Məhkəməsi Aparatının rəhbəri olub.
Rəşid Rzayev 1985-2007-ci illərdə prokurorluq sistemində işləyib, 2007-ci ildən 2019-cu ilədək Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2019-cu ildən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Mərahim Nəsib