Nikol Paşinyanın hakim "Vətəndaş Sazişi" Partiyasından Ermənistan parlamentinin keçmiş deputatı Vladimir Vardanyan səsvermənin ikinci turunun yekunlarına əsasən Konstitusiya Məhkəməsinin rəhbəri seçilib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə hakim Edqar Şatiryan İrəvanda Konstitusiya Məhkəməsinin qarşısında jurnalistlərlə söhbəti zamanı bildirib.
"Seçkilər başa çatdı. Məhkəmə öz sədrini seçdi. Bu, mən deyiləm", - deyə o bildirib.
O qeyd edib ki, məhkəmə sədri postu uğrunda özü və Vladimir Vardanyan mübarizə aparıblar. Şatiryan əlavə edib ki, yeni sədr Konstitusiya Məhkəməsi hakimlərindən lazımi sayda səs alıb.