Ermənistanda hərbçi yaralanıb, lakin ölkənin Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumatının olmadığını iddia edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" nəşrinin dərc etdiyi materialda bəhs olunur.
"Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl Noyemberyandakı hərbi hissələrdən birində "Vətənin müdafiəçisi" proqramı üzrə hərbi xidmət keçən hərbi qulluqçu özünə zərər vurmağa cəhd edib.
İlkin məlumatlara görə, buna səbəb borclar olub. Məlumdur ki, əsgər Noyemberyan rayonunun Koxb kəndindəndir. Xəsarət alan əsgərin aparıldığı Vanadzor hərbi hospitalı bu cür məlumatlar təqdim etmək səlahiyyətinin olmadığını əsas gətirərək hadisə ilə bağlı şərh verməkdən imtina edib. Öz növbəsində Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, nazirliyin belə bir təsviri olan hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Lakin Noyemberyan icması rəhbərinin köməkçisi, Koxbun inzibati rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Qeqam Cilavyan bizimlə söhbətində hadisəni təsdiqləyib. Əldə olan məlumatlara görə, hərbçi öz ayağına atəş açıb. Noyemberyan xəstəxanasında ona ilkin tibbi yardım göstərilib və daha sonra Vanadzor hospitalına köçürülüb. Maraqlıdır, Müdafiə Nazirliyi, bir qayda olaraq, bu cür fövqəladə hallar barədə məlumat verir. Və ya hadisəni artıq ictimaiyyətdən gizlətmək mümkün olmadığı hallarda məlumat verir", - deyə yazıda bildirilib.