Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Odlu silahdan açılan atəşdən ölən hərbi qulluqçumuz akademiyanın məzunu olub
Ötən gün Kəlbəcərdə N saylı hərbi hissədə həlak olan Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Nizami oğlu Hüseynov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub.
Oxu.Az-ın məlumatına görə, odlu silahdan açılmış atəş nəticəsində həyatını itirən 2001-ci il təvəllüdlü C.Hüseynov Bakı şəhəri Səbail rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.
Camal Hüseynov qəbul imtahanında 573 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul olub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə məşhur marketlər şəbəkəsindən birində çalışıb.
Qeyd edək ki, hadisə ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycan Ordusunun həlak olan əsgərinin görüntüləri yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:
Azərbaycan ordusunun əsgəri həlak olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə odlu silahdan açılmış atəş nəticəsində baş verib.
Məsələ ilə bağlı Oxu.Az Hərbi Prokurorluğa sorğu ünvanlayıb.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Camal Nizami oğlu Hüseynov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
"Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq" - məlumatda qeyd edilib.
