Qamət Süleymanov saqqal saxladığına görə Avropa çempionu olan güləşçi Elçin Əliyevin milli komandadan uzaqlaşdırılmasına münasibət bildirib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, sələfilərin lideri saqqalın güləşə mane olmadığını və federasiyanın bu məsələni qaldırmasının qəribə hal olduğunu vurğulayıb:
“O qardaşla şəxsi tanışlığım olmasa da, ümumi şəkildə tanıyıram. O ki qaldı, saqqal saxlamasına, bu onun öz seçimi, haqqıdır. Çünki bilirsiniz ki, ölkəmizdə etiqad azadlığı var. Həmçinin Azərbaycanda saqqal qadağan olunmayıb ki?!
Həm ərəb ölkələrində, həm də digər ölkələrdə saqqallı idmançılar var. Xristianlarda da, yəhudilərdə də saqqal ən vacib şərtlərdəndir. Saqqal məsələsində ən rəhmlisi İslam dinidir. Xristianlara görə saqqal saxlamayan cəhənnəmlikdir.
Demək istəyirəm ki, saqqal saxlamaq heç kəsi təəccübləndirməsin. Bu, güləşçinin öz seçimidir, bu barədə azaddır. Mən buna normal baxıram.
Bundan əlavə, təmizlik saqqalla ölçülmür. Əgər saqqal saxlayan biri ibadət edirsə, onun saqqalı çoxunun üzündən təmizdir. Çünki o gündə 5 dəfə dəstəmaz alarkən saqqalını yuyur.
Deyəsən, onlar idmançını bomjlarla səhv salıblar. Dində də saqqal kişiyə vacib buyurulub. Kim nə qədər bacarır, o qədər saxlayır. O, bu seçimdə azaddır”.