Cari ilin 1 aprel tarixinə 139 573 ailə ünvanlı dövlət sosial yardımı alır.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, respublikamızda 612 114 nəfər ailə üzvünü əhatə edən 139 573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir.
Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat təşkil edir.
Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az