Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Doğuşdan sonra ölən 24 yaşlı qadınla bağlı YENİ DETALLAR: "Həkim nəvələrimi yetim qoydu"
Oktyabrın 27-si səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.
Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova 26 oktyabr tarixində uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib.
Gecə saatlarında Z.Zamanova Reanimasiya şöbəsinə yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qayınanasının sözlərinə görə, həkim ananı müayinə etdikdən sonra onun heç bir probleminin olmadığını deyib:
"Həkim yoxladı, dedi ki, saat 9-a kimi uşaq dünyaya gələcək, heç bir problem yoxdur. Saat 9-da nəvəm dünyaya gəldi. Həkim 10:30-da dedi ki, hər şey normaldır, xəstəni masada qoyub çıxıb getdi. Axşam zəng vurdum gəlinə, zəng çatmadı. Gəlib gördük ki, bizdən xəbərsiz xəstəni götürüblər əməliyyata. Bundan əvvəl normal şəkildə iki uşaq dünyaya gətirib. Gültac həkim mənim evimi yıxdı, gəlinimin balalarını yetim qoydu. İcazə almadan uşağımı əməliyyat ediblər", - mərhumun qayınanası söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
"2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzinin Doğum şöbəsinə hospitalizasiya olunub".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ona 40-41 həftəlik hamiləlik diaqnozu qoyulub.
"Baş tutan doğuş nəticəsində çəkisi 4 kq, boyu 52 sm olan körpə dünyaya gəlib. Daha sonra vəziyyəti ağır olan ananın müayinələri və müalicəsi davam etdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib.
Daha sonra pasiyent üzərində reloportamiya əməliyyatı icra olunub. Bakı şəhərindən dəvət olunan həkim-reanimatoloqların, eləcə də ginekoloqların konsiliumu baş tutub və ona uyğun müalicəyə başlanılıb.
Xəstəyə göstərilən terapiya tədbirlərinə baxmayaraq, 27.10.2024-cü il tarixində saat 05:30-da bioloji ölüm qeydə alınıb.
Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.
Eyni zamanda qeyd edək ki, hamiləlik dövründə ana həkimə müraciət etməyib" , - deyə cavabda qeyd olunub.
Sabirabadda ana doğuşdan sonra ölüb.
APA-nın məlumatına görə, Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova uşaq dünyaya gətirdikdən sonra vəfat edib. Körpə isə sağ qalıb.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şirvan şəhərində də bir neçə gün əvvəl doğuş edən qadın ölüb.
Rəylər