Paytaxt Bakıda dilənçiliklə məşğul olan uşaqlı qadınlarla bağlı səslənən iddialar böyüməkdədir.
Oxu.Az xəbər verir ki, movqe.az qucağında körpə uşaqla dilənçilik edən qadınların qundaqdakı körpənin gün ərzində yatması üçün həmin uşaqlara narkotik maddə verildiyi və həmin körpələrin ölü olması ilə bağlı səslənən məlumatları araşdırıb.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi Hüseyn Mehdiyev yayılan məlumatların həqiqətəuyğun olmadığını söyləyib.
H.Mehdiyev deyib ki, paytaxt küçələrində dilənçilik edən şəxslərlə bağlı mütəmadi reydlər keçirilir. Onlar bölməyə gətirilərək şəxsiyyətləri və yaşayış yerləri aydınlaşdırıldıqdan sonra qeydiyyatda olduqları ünvana göndərilirlər:
“Amma əliuşaqlı qadınlarla bağlı belə faktlara rast gəlinməyib. Onların qucaqlarındakı uşaqlar sənədlərdə də öz uşaqlarıdır. Adam da öz uşağına narkotik maddə verər? Bu, inandırıcı deyil. Sadəcə olaraq, o uşaqların sakit qalmasının səbəbi onların o ortamda böyüməsi, mühitə uyğunlaşması ilə bağlıdır. Küçədə dilənçilərin ölü uşaq gəzdirməsi isə tamamilə cəfəngiyatdır”.
H.Mehdiyev dilənçiliklə məşğul olan qadınlara qarşı mübarizənin də faydası olmadığını söyləyib. Onun sözlərinə görə, bu uşaqları həmin qadınların əlindən almaq da qanunvericiliklə mümkün deyil:
“O uşaqlar dilənçilərin öz uşaqlarıdır. Südəmər körpəni anadan necə ayıraq?”