Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur
“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub”.
APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib:
“Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”.
Rəylər