Şəmkirdə mənzillərin birində partlayış baş verib. Hadisə nəticəsində ev sahibi ağır yaralanıb. Hadisəyə ilkin səbəb kimi mənzildə olan qaz sızması göstərilir.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 05 radələrində Şəmkir rayonunun Təzəkənd kəndində Qurban Abdullayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Partlayışdan sonra ev tamamilə yararsız hala düşüb. Bundan başqa ev sahibi 45 yaşlı Qurban Abdullayev də ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə ilkin olaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilkin tibbi yardımından sonra zərərçəkmişin vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.
Hazırda reanimasiya şöbəsində həkim nəzarətində olan Abdullayevin həyatı təhlükədədir.
Həkim Rəfail Əsədov:
“Baxış zamanı bütün bədən səthinin 95-100 termiki yanığı diaqnozu qoyulub. Vəziyyəti kənar ağırdır. Xəstəyə lazımi kömək göstərilib. Yanıq sahələri birinci işlənilib, sarğı qoyulub və hal-hazırda reanimasiyon tədbirlər davam etdirilir.”
İlkin ehtimala görə, hadisəyə mənzildə olan qaz sızması səbəb olub. Belə ki, ev sahibi Qurban Abdullayev gecə saatlarında işığı yandırıb həyətə çıxmaq istəyib. Bu zaman qaz xəttlərində sızma olduğundan partlayış baş verib. Faktla bağlı Şəmkir rayonunun hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.