Azərbaycanda son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülür. Bu istiqamətdə atılan addımlardan biri də "Modern Hospital" tərəfindən təşkil edilən “Diabetik ayaq günü” adlı elmi-praktiki konfransıdır.
“Bugünkü konfransın əsas məğzi Türkiyədə bu istiqamətdə mövcud olan qırx illik təcrübənin Azərbaycanda bölüşülməsi və bu təcrübədən bizi dinləməyə gələn həkimlərimizin, bu işlə məşğul olan peşəkar insanlarımızın da yararlanmasıdır. Bugünkü konfransımızda iştirak etmək üçün 400-dən artıq insan qeydiyyatdan keçib. Bu da o deməkdir ki, konfransımıza həddindən çox maraq var. Hazırda diabetik ayaq xəstəliyi Azərbaycan təbabətində gündəmdə olan əsas məsələlərdəndir”.
Bu barədə Oxu.Az-a "Modern Hospital"ın baş həkimi Taryel Ömərov bildirib.
“Tədbirin əsas məqsədlərindən biri dinləyicilərimizə əsrin bəlası olan şəkərli diabet və bu xəstəliyin ən böyük ağırlaşmalarından olan diabetik ayaq probleminə multidistiplionar yanaşmanın mütləqliyini aşılamaqdır. Nədən multidistiplionar? Çünki diabetik ayağa məruz qalan xəstələrdə həyat keyfiyyətinin aşağı düşmə, eləcə də, ölüm faizi yüksəkdir. Belə ki, bu cür xəstələrin üçündən birində şəxs periferik orqanlarından hər hansı birini və ya hər ikisini, yaxud pəncəsini itirmiş olur, digər üç xəstədən birində isə letal son olur. Ona görə də bu cür nəticələrin qarşısını almaq üçün şəkərli diabet və diabetik ayaq xəstəliyinə multidistiplionar yanaşma lazımdır.
Bu məqsədlə də "Modern Hospital"da “Diabetik Ayaq Mərkəzi”, eləcə də, barokamera fəaliyyət göstərir. Bunların sayəsində xəstələrdə dərinə işləmiş yaraların sağalmasında, onların həyat keyfiyyətinin artmasında müsbət nəticələr müşahidə olunur”, – deyə T.Ömərov bildirib.

“Nəyə görə diabetik ayaq və şəkərli diabet xəstəliyi çox aktualdır?” sualına cavab olaraq "Modern Hospital"ın "Diabetik Ayaq Mərkəzi"nin rəhbəri və həkim endokrinoloqu Gülay Məmmədova bildirib ki, bu xəstəlik "əsrin epidemiyası" adını alıb. Belə ki, hazırda dünyada 422 milyondan çox insan bu xəstəliklərdən əziyyət çəkir və 2040-cı ildə bu göstəricinin 600 milyondan çox olacağı düşünülür.
Şəkərli diabet xəstələrində ölüm səbəbi daha çox diabetik ayaqlarla bağlıdır. Dünyada hər 6 saniyədən bir bu bəlaya düçar olan insan dünyasını dəyişir və hər 30 saniyədən bir şəkərli diabetik xəstəsinin ayağının böyük major amputasiyası olunur. Bu qorxunc rəqəmlər dünya statistikasıdır”, - deyə endokrinoloq bildirib.
G.Məmmədova qeyd edib ki, şəkərli diabet xəstələrinin başlıca problemi yoluxduqları xəstəlik barədə kifayət qədər məlumata malik olmamalıdır. Onun sözlərinə əsasən, yalnız xəstə təlimli olmaqla amputasiyaların qabağı 60-75 faiz hallarda alına bilər. Yəni ayağa düzgün qulluq olduqda, şəkəri düzgün kontrol etdikdə amputasiyadan yayınmaq olar.

“Şəkərli diabet xəstələrində aşağı ətrafların amputasiyanın qarşısını almaq məqsədilə 2014-cü ildə "Modern Hospital"da “Diabetik Ayaq Mərkəzi”ni açdıq. Qeyd edək ki, mərkəzi yaradarkən bugünkü konfransın əsas mühazirəçisi, diabetik ayaq yaralarının müalicəsi üzrə bütün dünyada tanınmış, İstanbul Tibb Universitetinin professoru, doktor Müzəffər Altındaşın da 40 illik təcrübəsinə müraciət etdik və artıq üç ildir ki, hoca ilə əməkdaşlıq edirik.
Diabetik ayaq xəstəsinin müalicəsi yalnız tək bir həkimin görə biləcəyi iş deyil. Müalicə mütləq komanda şəklində aparılmaldır. Yalnız bu halda uğurlu nəticələr almaq və amputasiyaların sayını azaltmaq olar. Bizim mərkəzdə də endokrinoloq, ümumi cərrah, travmatoloq, ortoped, infeksionist, plastik cərrah, dermotoloq kimi həkim qrupu komanda şəklində bir yerdə fəaliyyət göstərir.
Əslində, mərkəzimizin daha önəmli məqsədlərindən biri də əhali, xəstələr arasında çox böyük maarifləndirmə işlərinin aparılmasıdır. Təəssüf ki, xəstələr bəzən çox gecikmiş mərhələlərdə müraciət edirlər. Buna görə əhali arasında maarifləndirmə işinin aparılması bizim üçün çox önəmlidir. Xəstələr bir neçə mm-lik yaradan böyük problemlərin yarana biləcəyini və bunun aşağı ətrafların itirilməsinə gətirib çıxaracağını bilsələr, bu məsələyə daha ciddi yanaşarlar”, - deyə G.Məmmədova bildirib.

Endokrinoloq “Diabetik Ayaq Mərkəzi”ndə xəstələrə komanda şəklində psixoloji dəstəyin göstərildiyini vurğulayıb.
“Bu mərkəzin funksiyası xəstənin ayağını amputasiya etmək deyil, biz çalışırıq ki, bu prosesin mümkün qədər qarşısını alaq. Lakin bəzən amputasiya qaçılmazdır. Bununla üzləşən xəstələrə və onların yaxınlarına mütləq psixoloji dəstək lazımdır. İnsana bir orqanını, xüsusən də gözlə görünən bir orqanını itirmək psixoloji təsir edir. Belə vəziyyətdə mərkəzimizdə çalışan psixoloq və psixiatrların yardımına müraciət olunur. Onların məqsədi xəstələri motivasiya etməkdir.
Bu cür psixoloji konsultasiyanın digər məqsədi şəkərli diabet olan insanlar arasında maarifləndirmə işinin aparılmasıdır. Belə problemlərlə üzləşmiş insanlara izah olunur ki, bu xəstəliyi kontrolda saxlamaq mümkündür. Sadəcə nəzarət mexanizmlərinə düzgün əməl etmək lazımdır”, - deyə G.Məmmədova vurğulayıb.
"Modern Hospital"da "Diabet Ayaq Mərkəzi" yaradılarkən baş konsultant kimi çıxış edən, İstanbul Tibb Universitetinin professoru, doktor Müzəffər Altındaş diabetik ayağı meşə yanğınına bənzədib. Onun sözlərinə əsasən, bu gün barmaqda olan yara, sabah diz qapağına kimi qalxa bilir. Əgər insan hələ də həkimə müraciət etmirsə, həyatını da təhlükə altına atmış olur. Lakin bunların qarşısını almaq mümkündür.

Şəkərli diabet və onun fəsadlarına diqqəti cəlb etmək üçün yalnız Türkiyədə deyil, bütün dünyada ilk dəfə olaraq “diabetik ayaq” mərkəzi təsis edən M.Altındaş qeyd edib ki, belə bir qlobal xəstəliklə mübarizə aparmaq üçün media, həkimlər, səhiyyə sistemi birgə fəaliyyət göstərməlidir.

“Dünyada milyonlarla insanda bu xəstəlik var. Bunların içində özünə baxmayanlarda, pəhriz saxlamayanlarda, dərmanlarını vaxtında qəbul etməyənlərdə, həkimlə konsultasiya keçməyənlərdə ciddi problemlər yaranır. Şəkər, ilk növbədə, ayaqlara vurur. Bu isə ayağın hissiyyatının itirilməsinə gətirib-çıxarır. Bu cür ayaqlar bir yerə dəydikdə, nəsə batdıqda insanın xəbəri olmur. Beləliklə, infeksiya düşdükdə, xəstənin özü də xəbərsiz olur. Nəticə isə xoşagəlməz olur.
"Modern Hospital" Azərbaycanda ilk dəfə olaraq diabetik ayaq probleminə diqqət çəkərək, bu konfransın keçirilməsi üçün bizə müraciət edib. Müraciətin nəticəsi olaraq bugünkü konfrans təşkil olunub.
Bu konfransı gələn il eyni tarixdə, “Bakı-İstanbul dibetik ayaq günləri” adı altında Türkiyədə - İstanbulda keçirməyi planlaşdırırıq. Düşünürük ki, bu, ənənə halı alacaq.
Dünya diabetik ayaq cəmiyyəti isə diabetik ayaq xəstəliyinə diqqəti cəlb etmək üçün hər dörd ildən bir konfrans keçirir. Hollandiyada təşkil olunan və dörd gün davam edən konfransda bu xəstəliklə mübarizə üsulları barədə fikir mübadiləsi aparılır", - deyə M.Altındaş bildirib.








N.O.