May ayının başlanğıcında ilik köçürülməsi üzrə ilk əməliyyatın keçirilməsi planlaşdırılır.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu haqda Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev danışıb.
Onun sözlərinə görə Bakıya Minskdə yerləşən ilik transplantasiyası üzrə Mərkəzin mütəxəssisləri bu əməliyyata hazırlıq səviyyəsini yoxlamaq üçün dəvət olunub.
“Respublika Talassemiya Mərkəzi ilik köçürülməsi üzrə əməliyyata tam hazırdır, əməliyyat ediləcək cütlük də müəyyən edilib. Bu çox yüksək texnologiyalı əməliyyat olduğu üçün, hazırlıq səviyyəsinin xarici mütəxəssislər tərəfindən qiymətləndirilməsi vacibdir”, - Rzayev deyib.
Onun sözlərinə görə, əgər xarici mütəxəssislər aprel ayında ekspertiza aparsalar, o zaman may ayının əvvəlində əməliyyat aparmaq olar.
Mərkəzin direktoru əlavə edib ki, transplantasiya əməliyyatı leykoz və talassemiya xəstələri üçün aktualdır. Azərbaycanda bu əməliyyat ilk olaraq talassemiya xəstələrində ediləcək.
İlik transplantasiyası üçün ilkin olaraq qohum donorlardan bacı, qardaş, valideynlər götürülür. Çünki onlar arasında uyğun gələn donoru tapmağa şans daha çoxdur. Əgər qohumlar arasında uyğun donor tapılmazsa qeyri-qohum donor axtarılır.
“Bu, ümumdünya ilik donorları axtarış sisteminə giriş imkanı yarandıqdan sonra mümkün olacaq. Ona görə də mərkəzdə ilkin olaraq iliyin qohum donorlardan transplantasiyası nəzərdə tutulur”, - Rzayev deyib.