İş başında xəsarət alaraq əlil olmuş Xaçmaz rayon sakini sahibkardan 3 ildir ki, əmək pensiyasını ala bilmir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Vahid Mahmudovun dediyinə görə, 2012-ci il mayın 1-dən bu günə kimi, hər ay ona çatacaq 100 AZN pulu – hazırda isə 2 400 AZN-i ala bilmir.
56 yaşlı Vahid Mahmudov 1975-ci ildə yaşadığı Xaçmazın rayonunun Çarxı kəndindəki quşçuluq sovxozunda ot üyüdən texnikada xəsarət alaraq sağ qolunu bilək hissəsindən itirib. Həmin vaxt iş yerindən zərərçəkmiş kimi ona ayda 100 AZN konpensasiya təyin edilib.
Bu vəsaiti 1998-ci ilə kimi maneəsiz alıb, müəssisə özəlləşəndən sonra 2 dəfə məhkəmə yolu ilə, 2009-cu ildə isə ANS-ə yazdığı şikayətdən sonra əmək pensiyasını almağa müvəffəq olub. Vahid Mahmudov artıq 3 ildir yenə də ona veriləcək xəsarət yardımını ala bilmir. Şikayətçi artıq rəsmi qurumlara müraciət etməkdən yorulduğunu deyir:
“Deyir ver məhkəməyə. Mən daha utanıram məhkəməyə verməyə, nə qədər məhkəməyə getmək olar, nə qədər yazmaq olar. Daha yazmaqdan gözümün suyu gedib, nə qədər yazmaq olar. Dövlət tərəfindən mənim kimi insana, əlil insana, m.səiçün də köməklik edə bilmirsə, sağlam adama necə kömək edir”.
Şikayətçi ilə birgə gəldik Çarxı kəndindəki “Günay” Kənd təsərrüfatı məhsulları istehsalı Açıq Tipli Səhmdar Cəmiyyətinin yerli müəssisəsinə. Obyektdə qapıya bağlanmış köpəkdən başqa kimsə yox idi. Müəssisənin Bakıda olan direktoru Fəxrəddin Ömərov telefon əlaqəsi zamanı dedi ki, şikayətçiyə əmək pensiyasını obyekt işləmədiyinə görə verə bilmir.
Çünki 1210 hektar torpağı yerli icra orqanı məhkəmə vasitəsilə əllərindən alıb. Yəni hazırda konpensasiya ödəyən qurum fəaliyyətsizdir. Qurumun açılacağı və əlilə veriləcək pulun bərpası kimi hallar sual altındadır. Bəs onda imkansız vəziyyətdə olan əmək əlili başına hansı çarə qılmalıdır? Bax bu suala cavab tapa bilmədik.