Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad edilməsinin hansı təsiri olacaq? - FOTO
Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Qanuna edilən əlavələrdən birinə görə, ölkə ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən azad edilir.
Bəs qanuna edilən dəyişiklik maşın bazarına və ümumilikdə ölkədəki istehsalçılara necə təsir edəcək?
Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay əvvəl sözügedən qanun layihəsinə dəyişiklik Milli Məclisdə müzakirə edilib:
“Biz müzakirə zamanı dəyişikliyə müsbət fikir bildirdik. Bununla öz daxili bazarımızı istehsal üçün daha rahat edirik. Nəticədə xaricdən gətirilən minik maşınları ilə rəqabət daha rahat olacaq”.
Deputat qanunda edilən dəyişikliyin müsbət tərəfindən danışıb:
“Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı artacaq. Eyni zamanda, istehsal gücü, yeni iş yerləri açılacaq və sayı artacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir sahədə yerli istehsalı dövlət və vətəndaş dəstəkləməlidir:
“Qanuna edilən dəyişiklik dövlətin dəstək çərçivəsində atdığı addımdır. Ölkədə istehsal olunan avtomobillərin əlavə dəyər vergisini ləğv edilməsi qiymətin 18 faiz aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda alıcı qabiliyyətini artıracaq”.
Ekspert qeyd edib ki, ölkəmizdə istehsal olunan avtomobillərin detalları xaricdən gəlir və burada yığılır:
“Avtomobillərin az bir hissəsi bizdə istehsal olunsa da, bazarda rəqabət və yerli istehsala maraq artacaq. 18 faiz ƏDV ləğv edilməsi, kiçik rəqəm deyil. Məsələn, 30 minlik maşın təxminən 25 min manat olacaq”.
İlhamə Əbülfət
Rəylər