Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda kişi bacısına günlərlə ağır işgəncə verərək qətlə yetirib: Hadisə yerindən GÖRÜNTÜLƏR
2023-cü il avqustun 2-də Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi Rayon Polis İdarəsinə gələrək bacısı 58 yaşlı Məlahət Əfəndiyevanı öldürdüyünü bildirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsəsən, Məlahət Əfəndiyevanın ölümünə beyinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, Azər Əfəndiyev may və iyun aylarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı Məlahət Əfəndiyevaya yumruq və təpiklə zərbələr endirməklə ona ağır dərəcəli bədən xəsarətləri yetirib.
Bundan başqa, onun bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmişə işgəncə verib.
Növbəti dəfə, avqustun 2-si saat 13 radələrində stulda oturmuş Məlahət Əfəndiyevaya yaxınlaşaraq başının sol nahiyəsinə yumruqla ardıcıl, güclü zərbələr endirib. Aldığı zərbələrdən sonra qadın döşəməyə yıxılaraq başı qaz sobasının kənarındakı kafelə dəyib. Bu hərəkəti ilə Azər Əfəndiyev zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
Məhkəmə iclasında Azər Əfəndiyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: