Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda kişilər niyə müəllim işləmək istəmirlər?
Bir çox xarici ölkələrdə dərs deyən müəllimlər, əsasən, kişilərdir. Azərbaycanda isə təhsil sektorunda çalışan kişi pedaqoqların sayı kəskin azdır.
Kişi pedaqoqlar, əsasən, fiziki tərbiyə, riyaziyyat, fizika və Gənclərin çağırışaqədərki hazırlığı fənlərini tədris etməklə kifayətlənir. Az hallarda digər fənn müəllimləri arasında kişi müəllimlərə rast gəlmək olar.
Niyə kişilər təhsil sahəsində çalışmaq istəmir?
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 46 min 757 namizəd iştirak edib:
“Müsabiqədə iştirak edən namizədlərin 18 faizini kişilər təşkil edir. Nəzərinizə çatdırırıq ki, indiyədək keçirilən müsabiqələrdə iştirak edən namizədlər arasında kişilərin sayı ilbəil artır. Əməkhaqqı artımı da burada xüsusi rol oynayır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində isə daimi əsaslarla 27 765 müəllim çalışır. Onlardan 25 827-si qadın, 1 938-i isə kişidir.
85 faiz qadın
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda orta məktəblərdə müəllimlərin 85 faizi, 167 min 569 müəllimdən 132 mini qadınlardır:
“Məktəb rəhbərliyinin də bu qədər faizi xanımların ixtiyarındadır. Təhlükə yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Sovet dönəmində kişi və xanım müəllimlərin sayındakı fərq 30-70 faiz nisbətində idi. Bu da, şübhəsiz ki, təhsilin keyfiyyətinə təsir göstərirdi”.
Ekspert bildirib ki, müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur:
“İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlər tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də, paytaxt Bakıdan yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər.
Qadın müəllimlər hazırda məktəblərdə sürətlə çoxalır. Qadın müəllim həm də evdar qadındır, anadır, onların bir çoxunun azyaşlı uşaqları var. Uşaqlı qadınlara verilən qismən ödənilən məzuniyyətin məbləği çox az olduğundan (1.5 ilə 30 manat, 1,5 ildən sonra 15 manat) əksər qadın müəllimlər həmin məzuniyyətdən faydalanmaq istəmir, nəticədə, bu qadınların fikri dərsdən çox, evdə uşağın yanında qalır”.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadının olmadığını bildirən ekspert qeyd edib ki, uşaqları yalnız kişilər tərbiyə edirlər:
“Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir.
Hansı ölkələrdə ki kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Vəziyyətin tarixi təzə deyil. Bu proses müstəqillik əldə etdikdən sonra başlayıb. Xüsusilə 1994-cü ildən sonra. Bu dövrün müəlliminin əməkhaqqı sovet müəlliminin əməkhaqqından, dolanışığından aşağı olduğu üçün kişilər məktəbləri tərk etməyə başladılar.
Şübhəsiz, o əməkhaqqı ilə ailə dolandıra bilməzdilər. 18 il əmək təcrübəsi olan müəllim 149 manat əməkhaqqı alır. Bu, aşağı rəqəmdir. Ona görə də müəllimlik qadın peşəsinə çevrilib. Bu, qəbul imtahanlarında da özünü göstərir. Oğlanlar isə müəllim olmaq niyyəti ilə yox, sadəcə, kənarda qalmamaq üçün bu peşəni seçirlər.
Hesab edirəm ki, bu gün Azərbaycan təhsilinin ən böyük problemi müəllim və onların sosial müdafiəsinin təminatı ilə bağlıdır. Keyfiyyətli müəllim hazırlığı və onların sosial müdafiə məsələsi həll olunsa, təhsilin keyfiyyətini daha da yüksəltmək olar”.
“Heç bir oğlandan “müəllim olacağam” sözün eşitməmişəm”
Məsələnin psixoloji tərəfi də var. Psixoloq Təranə Kazımlı deyir ki, bir qadın müəllim istəmədən də olsa, məktəbdə evdəki kimi ana obrazını yaradırlar:
“Qadın müəllimlərin oğlan uşağına verəcəyi ən dəyərli şey onun qayğı və sevgisidir. Uşaqların təlim-tərbiyəsində ciddiyyət var. Bu, yaxşı xüsusiyyətdir. Amma onları danlamaq, “şuluq edirsən” kimi sözlər demək həyatında mənfi iz qoya bilər. Mən daim uşaqlarla işləyirəm. Qəbula gələn zaman ilk olaraq sual verirəm ki, böyüyəndə kim olmaq istəyirsən?
Oğlanların əksəriyyətindən polis, qızlardan isə müəllim və həkim cavabını alıram. Çünki evdə tərbiyə verilən zaman qızlara ən yaxşı peşə kimi müəllimlik, həkimlik, oğlanlara polis, hərbçi olmaq aşılanır və bu peşələri seçməyə yönləndirilir. Heç bir oğlan uşağından “müəllim olacağam” sözünü eşitməmişəm.
Çünki bu peşəyə üstünlük verməməsinin səbəbi odur ki, oğlanlar şüuraltı olaraq düşünürlər ki, xanımlar anadırlar və uşaqlarla işləyə bilərlər. Müasir dövrdə oğlan uşaqlarının formalaşması üçün onların cəmiyyətdə kişi cinsi ilə ünsiyyətdə olması daha münasib olar. Bir kişini ən yaxşı şəkildə bir kişi yetişdirə bilər”.
Psixoloq qeyd edib ki, qadın müəllimlərin uşaqlara dərs deməsi ciddi problem olmasa da, bütün müəllimlər ancaq qadınlar olsun deyə bir qayda yoxdur:
“Rayonlarda, ucqar kəndlərdə kişi müəllimlər var. Bu, psixoloji tərəfdən də müsbətdir. Evdə ata obrazı formalaşmayan oğlanlarda ata obrazının formalaşmasında kişi müəllimlərin sayının çox olması kömək olur. Onlar bu zaman qorxmazlıq, cəsarətli olmağı öyrənirlər. Yeniyetməlik yaşı çatsa da, oğlanlarda kişi kimi formalaşmaq yaşı gecikir, utancaqlıq, çəkingənlik artır.
Bu cür problemlər çoxalıb. Biz ata ünsiyyətini artıraraq, bu problemi həll edə bilərik. Məsələ daha qlobal olduğundan Təhsil Nazirliyi bununla bağlı konkret addım atmalı, müəllimlərin saylarında balansı qorumalıdır”.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər