Ölkə əhalisinin sayı cari ilin əvvəlinə 9477,1 min nəfər təşkil edib.
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 8-də keçirilən BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin direktoru Heymo Laakkonenin görüşündə deyib.
Nazirin sözlərinə görə, yoxsulluğun kəskin şəkildə azalaraq 5,3 faizə düşməsi, eyni zamanda insan potensialının qorunması və inkişaf etdirilməsi, ana və uşaqların sağlamlığı, ailələrin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət ölkədə demoqrafik sabitliyə səbəb olub.
“Ölkə əhalisinin sayı təkcə ötən il 1,3 faiz artaraq cari ilin əvvəlinə 9477,1 min nəfər təşkil edib. 2003-cü ildə doğulan hər nəfərə gözlənilən orta ömür uzunluğu göstəricisi 72,3 yaş idisə, 2013-cü ilin nəticələrinə görə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş təşkil edib”, - deyib S.Müslümov.
Nazir bildirib ki, demoqrafik potensialın inkişafı sahəsində Şərqi Avropa və MDB-yə daxil olan ölkələr sırasında ilk dəfə Azərbaycanda 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub.
“Hazırda nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsi hazırlanıb. Bu sənəddə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri və həyata keçiriləcək zəruri tədbirlər müəyyən edilir”, - deyib nazir.
Gülnarə Zeynalova
www.oxu.az