Seksual problemlərlə bağlı dövlət xəstəxanalarındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Amma artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalarda seksopatoloji kabinetlər fəaliyyət göstərir.
Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.az saytına açıqlamasında bundan şikayətlənib:
“Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır.
Yəni insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır. Ağır seksual problemləri olan pasientlərdə, nikahda olan cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik, təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub”, – deyə həkim-seksopatoloq qeyd edir.