2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.
2014-cü ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilib. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar – 596 çıxış; açıq sahələrdə yanğınlar –1000 çıxış; nəqliyyat vasitələrində yanğınlar – 74 çıxış; digər yanğınlar – 394 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.
2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
Gülnarə Zeynalova
www.oxu.az