Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda ürəkbulandıran mənzərə: Sosisin içərisindən ZİBİL ÇIXDI
"Ay-Min" MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı sosis məhsulunun içərisindən naməlum tullantı çıxıb.
Bu barədə Oxu.Az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.
Şikayətçi Hicran Həsənov qeyd edib ki, sosisi Balakən rayonundakı marketdən alıb:
"Hər zaman alış-veriş etdiyimiz rayon marketindən "Flaqman"ın "Südlü" markalı sosisini aldıq. Sosisi evə gətirəndən sonra ailəlikcə bir neçəsini yedik. Əvvəlcə bacım dedi ki, bundan çox pis iy gəlir. Bir az da yedikdən sonra iyrənc mənzərə ilə rastlaşdıq. Hamımız yediyimizi qaytardıq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
"AY-MİN" MMC-nin qida mühəndisi Mirfərid Ağayev isə təmsil etdiyi qurumun mövqeyini belə ifadə edib:
"Qeyd olunan sosisin 40 gündən çoxdur ki, qlafı bitdiyi üçün istehsal olunmur. Müştərinin 7 sentyabrda şikayət etdiyini nəzərə alsaq, çıxardığımız nəticə odur ki, həmin məhsulun yararlılıq müddəti bitib. Adı hallanan məhsulun yararlılıq müddəti 25 gündür. Yararlılıq müddəti ötmüş məhsulda kiflənmə, kənar qoxu, xarabolma normal haldır. Bundan başqa, yararlılıq müddəti bitməsə belə, saxlanma şərtlərinə düzgün əməl olunmaması sosisin tez bir zamanda keyfiyyətini itirərək yararsız hala düşməsinə səbəb olur. Belə məhsulların satışı və istehlakı qanunvericiliyə uyğun olaraq qadağandır.
Əlavə olaraq nəzərinizə çatdırıram ki, məhsullar istehsal olunduqdan sonra satış nöqtələrinə soyuq zəncir prinsipləri əsasında çatdırılır. Satış yerlərində məhsulların saxlanılma şəraitinə istehsalçı müəssisə cavabdehlik daşımır".
Məlumat üçün bildirək ki, "Ay-Min" MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı ət məhsulları ilə bağlı əvvəllər də oxşar situasiyalar yaşanıb. Sözügedən şirkətə bir neçə dəfə cəza tədbirləri görülüb.
Məhərrəm Əliyev
Rəylər