Naftalan şəhərində yeni uşaq bağçasının binasının tikintisi başa çatdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Day.Az-a Bakı Dövlət Layihə İnstitutundan bildiriblər.
Məlumata görə, bağçanın binası yarımdairə şəklindədir. Ərazinin ümumi sahəsi 9 hektar, tikinti meydançasının sahəsi 1933,2 kv.m., binanın sahəsi 16202 kv.m. təşkil edir.
İkimərtəbəli bağça 280 yerlikdir. Binanın xarici görünüşü müasir memarlıq üslubunda hazırlanıb. Fasadın böyük bir hissəsi müxtəlif rəngli vitrajdan ibarətdir.
Uşaq bağçası 1,5 yaşdan 7 yaşadək uşaqlar üçün layihələndirilib. Binada oyun otaqları, yataq yerləri, bufet, qəbul otağı, soyunub-geyinmə otağı, musiqi zalı, metodiki kabinet, idman zalı, yeməkxana, sanitar qovşağı, müxtəlif təyinatlı anbarlar və müxtəlif yaş qruplu uşaqlar üçün nəzərdə tutulmuş başqa yerlər var.