Azərbaycanda yeni virus yayılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının infeksionist-həkimi, dosent Samir Cavadov lent.az-a açıqlamasında bildirib ki, son vaxtlar rota (adino) virusu deyilən xəstəliklə bağlı müraciətlər çoxalıb:
“Bu virus fəsil dəyişkənliyi ilə əlaqədardır. Xüsusən uşaqlarda, immuniteti zəif olan insanlarda xəstəliyə rast gəlinir. Amma hələlik virus epidemiya halını almayıb”.
Həkim bildirib ki, əgər qeyd edilən xəstəlik müalicə edilməzsə, ishal hallarının artması çoxlu su itirilməsinə səbəb ola bilər: “Bunun da nəticəsində xəstələrdə özündən getmə, mineral çatışmazlığına rast gəlinə bilər”.
S.Cavadov onu da vurğulayıb ki, bu xəstəlik 5-10 gün müddətində davam edir.
Qeyd edək ki, rota virusu 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzun müddətli və ağır olur.
Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.
Rəylər