Azərbaycanın Milli Məclisinin cümə axşamı keçirilən növbədənkənar iclasında Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul edilib.
Yenilənmiş layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Komitə sədri layihəyə təklif olunan dəyişiklikləri də şərh edib.
Qanun layihəsinin müzakirələri zamanı bəzi deputatlar uşaqların ölkədən bir valideynin razılığı ilə çıxarılmasına icazə verilməsini təklif etdilər. Bu müddəa bəzən valideynlərdən birinin öz ailəsi ilə əlaqəsini kəsməsi zamanı digər valideynin uşağı ölkədən çıxarmaq hüququndan məhrum olması ilə əsaslandırılırdı.
Bu məsələyə münasibət bildirən Əli Hüseynli qeyd edib ki, bu sahədə emosiyaları rəhbər tutmaq olmaz. Hüseynlinin sözlərinə görə, belə icazənin verilməsi müxtəlif növ sui-istifadə halları, o cümlədən uşaqlarla spekulyasiay hallarına gətirə bilər.
Qanun layihəsinin sonuncu variantında daimi Azərbaycanda yaşayan əcnəbilərin Azərbaycan dilini öyrənmələri, ölkə iqtisadiyyatına böyük məbləğdə maddi vəsaitlər yatırmış əcnəbilərə vətəndaşlıq hüququnun verilməsi, xaricdə yaşayan həmvətənlərimizə vətəndaşlıq hüququnun verilməsindən imtina, Azərbaycana gələn əcnəbilərin üç gün ərzində qeydiyyatı, həmçinin qeydiyyatın asanlaşdırılması məsələsi əksini tapıb, deyə, Hüseynli vurğulayıb.
Layihəni təqdim edən komissiya sədri qanuna əmək miqrantları üçün kvota və sərhədyanı miqrasiya kimi məsələlərin daxil olunmadığını da bildirib.
www.day.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin