Oxucularımızdan biri redaksiyamıza məktub göndərək mövzu ilə bağlı araşdırma aparmağımızı istəyib.
Məktubda deyilir:
“Mən sizin daimi oxucularınızdanam və bir məsələ ilə bağlı sizə yazmağı qərara aldım. Əslində hamının gözü qabağında baş verən bu məsələ bizlərə sanki hansısa bir qeyri-müsəlman ölkəsində yaşamağımızı söyləyir. Belə ki, insan ailəsi ilə dənizkənarı parka (yaxud Bakının digər istirahət yerlərinə) çıxanda orada insanların gözləri önündə cütləşən cavanları görəndə az qalır həmin adamın yaxasından yapışıb desin ki, “Ay filan olmuş, sənin ana-bacının yanında bu cür hərəkətlər etsələr özünü necə hiss edərsən?”. Amma bunun kütləvi hal aldığını görəndə düşünürsən ki, yox məsələni bur cür həll etmək olmaz. Bir dəfə bulvarın mühafizə xidmətinə yaxınlaşıb soruşdum ki, “Niyə ictimai yerlərdə baş verən bu cür əxlaqsızlığa göz yumursunuz?”. Cavab verdi ki, “Bu bizim yox, polisin işidir.”
Mənim üçün çox maraqlıdır, görəsən ölkəmizdə bu cür işləri tənzimləyən bir qanun var? Əgər varsa niyə günü-gündən artan bu cür pozğunluğun qarşısını almağa heç kim cəhd etmir? Hərdən uşaq bunlara baxıb soruşur ki, “Ata bunlar nə ilə məşğuldurlar?”. Vallah adam cavab tapa bilmir. İmkanınız olsa bu məsələnin işıqlandırılmasını sizdən xahiş edirəm. Ona görə ki, bu ictimai məsələdir və hamımızı düşündürməlidir.”
Sözü gedən problemlə bağlı millət vəkili Zahid Oruc və Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevlə əlaqə saxladıq.
FaktXeber.com-a açıqlama verən müsahiblər kifayət qədər mühüm və diqqət çəkən məqamlara toxundular.
Sabiq polis rəisi Mahmud Hacıyev bildirdi ki, hazırda Azərbaycanın hüquq mühafizə orqanlarının durumu olduqca acınacaqlı bir vəziyyətdədir:
“Sözü gedən əxlaqsız hərəkətlərə həmin əraziyə çıxan post patrul xidmətinin əməkdaşları nəzarət etməlidir. Polis əməkdaşlarının səviyyəsi elə bir vəziyyətdədir ki, onlar deyilən əxlaqsız hərəkətlərin fərqinə belə varmırlar. Polis əməkdaşının əgər intelekti yoxdursa, təbii ki, tədbir də görə bilməyəcək.”
İctimai yerlədə cütləşərək əxlaqsız hərəkətlərə yol verən şəxslərin hərəkətlərinin cəmiyyətə qarşı təhqir olduğunu bildirən ekspert, “cütlükləri az əhəmiyyətli hüquq pozğunluqlarına da cəlb etmək mümkündür. Cəzalandırmaqla yanaşı xüsusi bir ictimai məzəmmət təşkil edilməlidir”, -deyə bildirdi.
Millət vəkili Zahid Oruc isə bildirdi ki, sözü gedən məsələ kifayət qədər mürəkkəb ictimai situasiyanı özündə ehtiva edir:
“Bir tərəfdən müsəlman Azərbaycan cəmiyyəti və inanclı toplum, digər tərəfdən insan azadlıqları, vətəndaşların hüquqi konteksi nəzərə alınanda problemin tənzimlənməsi kifayət qədər çətinləşir. Xüsusilə ölkədən kənara çıxan şəxslər sanki öyrəşdikləri və gördükləri dəyərlərlə geri qayıdırlar. Bir tərəfdən deyirlər ki, hüquq mühafizə orqanları insanların şəxsi həyatına müdaxilə edə bilməz. Digər tərəfdən isə ictimai mənəviyyat deyilən bir anlayış mövcuddur. Bu da ondan ibarətdir ki, həqiqətən də həmin mənəvi dəyərləri tapdalamaq olmaz. Sözü gedən dəyərlər xalqın gələcəyini formalaşdırır.”
Xüsusilə Avropa məkanında cinsi azlıqların və digər əxlaqa malik olan şəxslərin sayının artdığını bildirən millət vəkili, həmin şəxslərin qurmaq istədikləri gələcəyin tamamilə fərqli və bizim anlayışlarımızdan kənar olduğunu söylədi:
“Problemin qarşısını almaq üçün ümumilikdə bütün cəmiyyət səfərbər edilməlidir. Yalnız hüquq mühafizə orqanlarının vasitəsilə bunun qarşısını almaq mümkün deyil.”
www.faktxeber.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin