Dünya Beyin Mərkəzləri Sammiti 11-14 dekabr tarixində Brazilyanın Rio De Janeiro şəhərində təşkil edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi kimi tədbirdə iştirak edib.
CESD-nin sədri, iqtisadçi alim Vüqar Bayramov sammit çərçivəsində təşkil edilən “Multipolyar Dünyada Multiateralizm: Münaqişələr və Böhranlar yoxsa Sülh və İnkişaf?” adlı plenar iclasda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri ilə birlikdə qlobal və regional iqtisadi məsələləri müzakirə edib.
Roberta Braganın ( ABŞ Atlantik Şurası) sədrlik etdiyi plenar iclasda Brain Hanson (ABŞ Qlobal Məsələlər üzrə Çikaqo Şurası), Alvaro Mendez (Böyük Britaniya London İqtisadiyyat Mərkəzi İDEAS), Carlos Carnero ( İspanya, “Fundacion Alternatives”) və Pablo Genta (Xarici Əlaqələr üzrə Uruqvay Şurası) birlikdə gündəmdəki qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
CESD sədri bildirib:
“Müzakirələr göstərir ki, qlobal səviyyədə aparıcı beyin mərkəzlərin təsir imkanları genişlənməkdədir. Bununla yanaşı, beynəlxalq institutların daha aktiv olmasına və onlara inamın qaytarılmasına çalışılmalıdır. İqtisadi məsələlər ilə yanaşı, regional münaqişələrin həll edilməməsi məhz qlobal güclərə olan etimadı azaldır. 2 saatlıq müzakirədə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və digər qlobal institutların fəaliyyəti daxil olmaqla mövcud dünya nizamı, qlobal oyun qaydaları ilə bağlı beyin müzakirəsi də aparıldı”.
Qeyd edək ki, CESD beynəlxalq qiymətləndirmədə son 10 ildə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi seçilir. Mərkəz ABŞ-ın Harvard Universitetinin rəsmi beyin mərkəzi katoloquna daxil edilib.