Bakının Sabunçu rayonunun sakini Samir Əliyev insanları yol hərəkəti qaydalarına əməl etməyə “səsləyən” effektli üsul kəşf edib. Samir Əliyev çox yavaş hərəkət edən piyadalara qarşı vinçester tüfəngindən istifadə edib. Bu barədə Vesti.Az-a eksklüziv olaraq Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Dünən gecə təxminən saat 23:50 radələrində adı çəkilən rayonun Bakıxanov qəsəbəsində, M.Fətəliyev küçəsində, Mədəniyyət evinin qarşısında atəş səsləri eşidilib. Nəticədə İlqar Hüseynova məxsus “Opel” markalı avtomobil zədələnib. Tezliklə hadisə yerinə gələn əməliyyatçılar buradan 2 ədəd atılmış giliz aşkarlayıblar.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində faktla bağlı yerli sakin Samir Əliyev saxlanılıb. Sonuncu dindirmə zamanı bildirib ki, heç də “Opel” markalı avtomobilə atəş açmaq istəmirmiş. Maşın təsadüfən zədələnib.
Əliyevin sözlərinə görə, o, bazar günü özünün “Lada-Priora” markalı avtomobilində ov etmək üçün Şamaxıya yola düşüb və əlbəttə ki, maşında özü ilə ov tüfəngi götürüb. Yolda, Mədəniyyət evinin qarşısında piyadaların yolu çox yavaş keçmələri ilə əlaqədar tıxac yaranıb.
“O zaman mən əsəbləşdim, piyadalara qışqırdım ki, yolu tez keçsinlər. Lakin piyadalardan biri mənim üstümə gəldi ki, münasibətləri aydınlaşdırsın. Lakin mən maşından vinçesteri çıxarıb iki dəfə havaya atəş açdım. Dönüb baxanda yolda nə maşın, nə də piyada qalmışdı” – Samir Əliyev polislərə bildirib.
Maraqlıdır ki, heç yerdə işləməyən Samir Əliyevin psixiki çatışmazlıqları var və əməliyyatçıların bildirdiklərinə görə, psixonevroloji dispanserdə uçotdadır. Ən maraqlı məsələ isə ondan ibarətdir ki, Əliyevin odlu silaha icazəsi var.
Hazırda istintaq vinçesterə icazəni Əliyevə kimin və necə verdiyini araşdırır.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin