Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanlı həkim “Möhtəşəm Yüz İl” serialından prokurorluğa şikayət etdi
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Möhtəşəm Yüz İl” serialında Səfəvilər dövlətinin fars dövləti kimi göstərilməsi ilə əlaqədar istintaq başlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Hacettepe Universitetində diş həkimi olan Azərbaycan türkü Mahboub Əmrahi sözügedən serialın 115-ci bölümündə Səfəvilərin fars dövləti kimi göstərildiyinə görə, Ankara Baş prokurorluğuna şikayət edib.
O, bildirib ki, Səfəvilər şiə və türk dövlətidir. Onun fikrincə, Səfəvilər dövlətinin fars olduğunu söyləmək təhqirdir. Əmrahi serialı sifariş edən şirkət haqqında iddia açılmasını istəyib:
“Serialın dekabrın 11-də yayımlanan 115-ci hissəsində Səfəvilər dövlətinin açıq şəkildə fars dövləti olduğu iddia edilərək xalqımın tarix və keçmişinin inkar və təhqir edildiyini iddia edirəm. Türk mənşəli İran azərbaycanlısı olaraq adıçəkilən firmadan şikayətçiyəm”.
Prokurorluq artıq istintaqa başlayıb. Serialın istehsalçı firması İstanbulda olduğu üçün istintaq materiallarının oraya göndərilib-göndərilməyəcəyi yaxın günlərdə məlum olacaq.
Əmrahi isə “Facebook” sosial şəbəkəsində bu barədə xəbər paylaşaraq “dostlar, qəzamız mübarək olsun” yazıb. M.Əmrahi qeyd edib ki, açdığı dava yaxın zamanlarda Türkiyə mediasında əks-səda doğuracaq.