Bir kiloqram tütün məmulatlarından təxminən 71 qutu siqaret alınır. Əgər siqaretin qiymətinə əsaslanıb hesablama aparsaq, görərik ki, bir kiloqram ən ucuz tütün siqaret çəkənlərə 35,7 manata, bir qədər bahalısı isə 179 manata başa gəlir. Bu arada qeyd edə bilərik ki, çörəyin 1 kiloqramının qiyməti 1 manat, ətin kiloqramı – 10 manat, gümüşün kiloqramı isə təxminən 270 manatadır.
Oxu.Az xəbər verir ki, bu barədə “Exo”ya Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzinin sədri Nəriman Ağayev bildirib.
“Qeyd etmək lazımdır ki, orta statistik siqaret aludəçisi il ərzində təxminən 5-6 kiloqram tütün məmulatları alır. Bu rəqəmdən çıxış edərək söyləmək olar ki, il ərzində siqaret çəkən şəxs buna 170 manat, maksimum isə 900 manat pul xərcləyir. Bu zaman biz ən bahalı siqaret və siqarların qiymətini hesaba daxil etmirik. Onu da qeyd etmək lazımdır ki, ölkədə siqaret çəkənlərin əksəriyyəti qiyməti 80 qəpikdən 1 manat 40 qəpiyədək olan siqaretləri alır. Beləliklə, orta statistik siqaret aludəçisi təkcə öz sağlamlığı deyil, həm də maliyyəsinə, bəlkə də bütöv bir ailənin maliyyəsinə zərər vurur”, – deyə, ekspert bildirib.
Ölkədə tütün məmulatları və çörəyin nümunəsinə misal çəkən ekspert qeyd edib ki, bir insanın çörəyə olan gündəlik tələbatı 350 qramdır ki, bu da gündə 30 qəpik edir. Müvafiq hesablamalar apararaq, vətəndaşlarımızın hər birinin il ərzində çörəyə təxminən 110 manat, yəni siqaret çəkənlərin siqaretə xərclədiklərindən az pul sərf edirlər.
N.Ağayev həmçinin qeyd edib ki, satılan tütün məmulatları arasında təxminən 20%-nin keyfiyyəti çox aşağıdır. Ekspert siqaretlərin tək-tək satılması ilə bağlı problemə də diqqət ayırıb.
“Bu gün siqaretlər demək olar ki, hər yerdə satılır, bəzən onları hətta tək-tək satılar ki, bu da gigiyena qaydalarının pozulması deməkdir. Bu həmçinin yetkinlik yaşına çatmayanlara siqaret almaq imkanı verir. Axı siqaretin 1 dənəsinin qiyməti 5-10 qəpikdir. Bu isə öz növbəsində siqaret çəkənlərin sayının artmasına gətirib çıxarır” – deyə, N.Ağayev vurğulayıb.
Son illər tütün istehsalı artır. Yalnız 2012-ci ildə 4,3 min ton tütün yığılıb ki, bu da 2011-ci ilin göstəricisindən 19,3% çoxdur. Məhsulun əsas hissəsi ixraca gedir. 2012-ci ildə Azərbaycana ümumilikdə 303,6 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal olunub. Bu, 2011-ci ildən 22,1% çoxdur. Müqayisə üçün qeyd edək ki, həmin dövr ərzində xaricdən cəmi 241,7 milyon manatlıq dərman preparatları alınıb.
Hazırda Yer kürəsinin hər üçüncü yaşlı sakini siqaret çəkir. Dünyada siqaret çəkənlərin ümumi sayı 1,3 mlrd. nəfərə çatır. Onların 1,1 mlrd. nəfəri kişi, 230 mln. nəfəri qadınlardır.