Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanlı zəvvarları daşıyan təyyarə niyə təcili eniş edib? - HƏKİM təfərrüatı açıqladı
Ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarənin İranın Rəşt şəhərinə təcili eniş etməsinin detalları məlum olub.
Hadisə ilə bağlı Oxu.Az-a eksklüziv açıqlamasında həkim Cavid Fətullayev bildirib ki, təyyarənin təcili eniş etməli olduğu ilə bağlı kritik qərarı məhz o verib.
"Xəstənin doğuşdan nevroloji xəstəliyi var, yəni mobilizasiya problemi mövcuddur. Bu səbəbdən əlil arabasında hərəkət edir. Həcc ziyarəti də, bildiyimiz kimi, bir qədər çətin ibadətdir - uzun müddət piyada getmək ehtiyacı var, insan gün altında daha çox olduğu üçün çoxlu da su itirir. Bütün bu faktorları bir yerə yığsaq, deyə bilərəm ki, xəstənin ibadət vaxtı vəziyyəti, yəqin, o qədər də yaxşı olmayıb. Təyyarədə də on min metr yüksəkliyə qalxanda müəyyən təzyiqlər yaranır ki, bu zaman ağciyər, qan dövranı problemi yarana bilir. Bu səbəbdən də xəstənin vəziyyəti qənaətbəxş deyildi. Məni çağıranda xəstənin ürək döyüntüləri çox idi. Təxminən 10-15 dəqiqə müşahidə apardım, bəzi ilkin tədbirlər gördük, amma təəssüf ki, bu tədbirlərin xəstənin vəziyyətinin müsbət istiqamətdə dəyişməsinə səbəb olmadığını müşahidə etdik.
Vəziyyəti optimallaşdırmaq üçün əlimizin altında da başqa hər hansı avadanlıq və dərman vasitələrinin olmadığı üçün qərar verdim ki, təyyarə mümkün qədər qısa müddətdə eniş etsin. AZAL-ın pilotları qərarıma kifayət qədər operativ reaksiya verdilər və təyyarəni çox qısa müddətdə endirdilər".
İranda təcili tibbi yardımla reanimasiyaya yerləşdirilən fiziki məhdudiyyətli zəvvar Tural Mehdiyevin vəziyyətini öyrənmək üçün hazırda onun yanında olan qardaşı ilə əlaqə saxladıq.
Xəstənin qardaşı Xəyal Mehdiyev Oxu.Az-a açıqlamasında konsulluğun təcili dəstəyinə ehtiyacı olduğunu xüsusi vurğulayıb.
"Çox şükür, bu gün dünənə nisbətən vəziyyəti daha yaxşıdır. Dünən yanına girəndə adını çağırsam da, səs vermirdi, amma nəfəs alırdı. Bu gün səhər gəldim yanına, özündə idi. Soruşdu ki, mən haradayam, nə baş verib? Hələ ki ürək döyüntüləri çoxalıb. Onun da həyəcan səbəbindən olduğu bildirilir. Yəni bir müddət belə olacaq. Mən də iki günlük burada yer ayırmışam. Konsulluğumuzdan köməklik göstərilsəydi, yaxşı olardı. Çünki dil problemim var - nə fars, nə ingilis dili bilirəm. Hazırda burada təkəm və mənəvi dəstəyə ehtiyacım var, ona görə konsulluğun dəstəyi yaxşı olardı", - deyə X.Mehdiyev bildirib.
Əzizə İsmayılova