Azərbaycanda ölkənin orta məktəbləri arasında insan hüquqları üzrə dərslərin keçilməsi üçün metodiki dərslik yayılacaq.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, 2013-cü ilin oktyabrından 2014-cü ilin mart ayınadək “Orta məktəblərdə insan hüquqları təlimi” layihəsi həyata keçiriləcək.
Layihə ölkə prezidenti yanında fəaliyyət göstərən Azərbaycan Gənclər Fondu və Gənc Hüquqşünaslar Birliyi tərəfindən həyata keçirilir.
“Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında insan hüquqları mədəniyyəti və anlayışının formalaşdırılmasıdır. Layihə çərçivəsində Bakı, Mingəçevir və Yevlaxda müəllimlər, psixoloqlar və uşaq birliklərinin rəhbərləri üçün (25 adam) orta məktəblərdə insan hüquqlarının tədrisi mövzusunda üçgünlük treninq keçiriləcək” – deyə, məlumatda bildirilir.
Bundan başqa, layihə orta məktəblərdə insan hüquqları üzrə dərslərin keçilməsi üçün metodiki dərsliyin yayılmasını nəzərdə tutur. Ümumilikdə layihə çərçivəsində 75 gənc müəllimə təlim keçiləcək, həmçinin 1000 metodiki vəsait paylanılacaq.