Azərbaycan dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğuna daxil olub.
Gallup International/WIN müstəqil tədqiqat agentlikləri assosiasiyasının apardığı qlobal soğrunun nəticələri belədir.
Oxu.Az “Novosti-Azerbaydjan”a istinadən xəbər verir ki, sosioloqlar “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı illik sorğu aparıblar.
Respondentlərə xoşbəxtlik haqqında şəxsi hisslərlə bağlı sual verilib. Tədqiqatda dünyanın 54 ölkəsindən 60 minə yaxın insan iştirak edib.
İlk onluğa Azərbaycandan başqa Latın Amerikası dövlətləri, Finlandiya və İsveçrə daxil olub. Rusiya 33-cü, Almaniya 37-ci, Fransa 36-cı, ABŞ 34-cü yerləri tutublar.
Alınmış nəticələrə əsasən, Yer kürəsi sakinlərinin yarıdan çoxu özlərini xoşbəxt adlandırıblar. Planetin hər səkkiz sakinindən biri (13%) özünü bədbəxt hiss edir. Rəyi soruşulanların üçdən biri (32%) cavab veriblər ki, şəxsi həyatda hansısa xoşbəxtlik hiss etməsələr də, özlərini bədbəxt də adlandıra bilməzlər.
Beləkliklə, dünya cari ilə 40% səviyyəsində xoşbəxtlik hissi ilə daxil olub.
Dünya xoşbəxtlik indeksi elə ötən il də bu səviyyədə olmuşdu.