SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması prosesini davam etdirir.
Oxu.Az-ın məlumatına görə, mavi yanacaqla təmin olunan yaşayış məskənlərindən biri də Ağdərənin Vəngli kəndidir. Birlik tərəfindən təşkil olunan budəfəki mediaturda jurnalistlər adıçəkilən kənddə görülən işlərlə tanış olublar. Çətin relyef şəraitinə malik Vəngli kəndində cari ilin mayından start götürən qazlaşma işləri haqqında ətraflı məlumat verilib.
Mediatur çərçivəsində jurnalistlər Xankəndi şəhərində yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində olublar. Media nümayəndələrinə "Azəriqaz" İB tərəfindən görülən işlər haqqında ətraflı məlumat verilib. Regional idarənin baş mühəndisi Qiyas Abdullayev işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 30 yaşayış məntəqəsinin qazlaşdırıldığını və bunun da 6 800 abonenti əhatə etdiyini bildirib. Qonaqlar həmçinin Xankəndi Xidmət Sahəsinin inzibati binasında görülən təmir-bərpa işləri ilə də tanış olublar.
Sonda jurnalistlər Xankəndi şəhərindəki Kərkicahan qəsəbəsində görülən yenidənqurma və bərpa işlərinə nəzər salıblar. Məlumat verilib ki, qəsəbədə 30 fərdi yaşayış evinə qaz xətti çəkilərək, sayğac quraşdırılıb.
"Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin ərazisində təmir bərpa işləri aparılır".
Oxu.Az-ın Xankəndi şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qarabağ Regional Qaz İstismarı İdarəsinin ümumilikdə 11 xidmət sahəsi mövcuddur və onlar üzrə işğaldan azad olunmuş ərazilərdə hazırda 6800 abonent var.
O qeyd edib ki, bunlardan 1800 abonent sırf Xankəndi xidmət sahəsindədir: "2024-2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 30 məntəqə üzrə qazlaşma işləri aparılıb və köç olub. Hazırda işlərimiz davam etdirilir".
Samir Əli